Paşinyan sülhü pozur: Azərbaycan hansı addımları ata bilər? | TƏHLİL

      Paşinyan sülhü pozur:    Azərbaycan hansı addımları ata bilər?    | TƏHLİL
  18 İyul 2024    Oxunub:424
Ermənistan ordusunun fərari hərbi qulluqçuları ABŞ-la birgə təlimlər zamanı Hindistan istehsalı dəbilqəyə quraşdırılan termal görüntülü monokulyardan istifadə ediblər. Hindistanın “Tonbo Imaging” şirkətinin istehsalı olan bu avadanlıqlar hay ordusunda əvvəllər mövcud olmayıb. Hazırda isə Ermənistandan başqa hind ordusu da “Spartan-SH” adlanan bu monokulyardan məhdud sayda əldə edib. Şirkətin digər məhsulları isə İsrail, Fransa və Hindistanda az miqdarda istifadə olunur.
Müharibədəki məğlubiyyətdən sonra hind və erməni mətbuatında dəfələrlə İrəvanın Hindistandan artilleriya sistemləri, “Pinaka” reaktiv buraxılış qurğuları, müxtəlif atıcı silahlar, döyüş sursatı və partlayıcı maddələr alması barədə məlumatlar tirajlanırdı. 2020-ci ildə Ermənistan Hindistandan 40 milyon dollara dörd ədəd “Svathi” kontrbatareya atəş radarı əldə etmişdi. Lakin müharibə zamanı onların uğurlu tətbiqini görmədik. 2022-ci ildən sonra məğlub Ermənistan fərari ordusunu modernləşmək üçün dəfələrlə Hindistana müraciət edib. Müharibədən sonra “Pinaka” reaktiv yaylım atəşi sistemi və “Akash” zenit-raket kompleksini alıb. Lakin bu silahlardan istifadə etməyib. Ümumiyyətlə, Azərbaycan Ermənistana şərti sərhəd xəttinə hücum silahı yaxınlaşdırmamaqla bağlı bir neçə dəfə ciddi xəbərdarlıq edib.

Hindistanın Ermənistana silah satmaqla əldə etdiyi vəsait kifayət qədər kiçikdir və 1.5 milyard əhalisi olan ölkə üçün “dənizdə damla” deməkdir. Bu silahlanma prosesi Hindistan tərəfindən daha çox İrəvanın əsas rəqibi olan Azərbaycan və onun müttəfiqləri olan Türkiyə - Pakistan qarşısında ayaq üstə qalması üçün həyata keçirilir. Hazırda Hindistan Ermənistan ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üzrə birgə işçi qrupunun yaradılmasına çalışır. Bu ilin may ayında iki ölkənin müdafiə nazirlikləri arasında ilk rəsmi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı Ermənistan və Hindistan arasında müdafiə sektorunda əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, o cümlədən hərbi-texniki, hərbi təhsil və şəxsi heyətin döyüş hazırlığı, təcrübə mübadiləsi və digər məsələlər müzakirə edilib.

Maraqlı burasıdır ki, Ermənistan dəfələrlə Azərbaycanla sülh sazişinin əldə olunmasında maraqlı olduğunu bəyan edib, amma Fransa və Hindistan vasitəsilə hücum xarakterli silahların alınmasını da dayandırmır.

Ermənistan üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə, xüsusilə də Zəngəzur dəhlizinin açılmasına, delimitasiya və demarkasiya prosesinin davam etməsinə, Qərbi Azərbaycan icmasının doğma yurdlarına qayıdışına və s. məsələlərə qətiyyən toxunmur. Paşinyanın komandasında sülh prosesinə ziyan vurmaq istəyənlərin sərsəm bəyanatlarının sayı durmadan artır. Belə bir vəziyyətdə İrəvanın sülhdən danışması riyakarlıqdır.

Ermənistanın böyük həcmdə silah əldə etməsi onun milli maraqlarına ziddir. Kənar qüvvələrin təzyiqilə regionda yeni gərginlik və eskalasiya yaratmaq niyyəti Ermənistana yalnız yeni böyük itkilər vəd edir. Bu itkilər yenidən Ermənistanda etiraz aksiyalarına və ictimaiyyətin daha dərindən parçalanması ilə müşahidə edilən təlatümlərə səbəb olacaq.

Erməni rəsmilərinin bəyanatları və fəaliyyətləri Azərbaycanın səbrini daşırmağa hesablanıb. Çox təhlukəli oyunlara bulaşan Ermənistan hakimiyyəti sülh istiqamətində əldə olunan kövrək nailiyyətləri kobud şəkildə pozdu. Paşinyan Londonda İlham Əliyevlə görüşdən imtina etdi və bununla sülh danışıqlarını dalana dirədi. Əgər Ermənistan tərəfi öhdəliklərinə əməl etmirsə, sülh danışıqlarından qaçırsa, o zaman Azərbaycan da prosesdən rahatlıqla geri çəkilə bilər. Məsələn rəsmi Bakı Ermənistana qarşı bu məhdudiyyətləri tətbiq edə bilər:

1. Zəngəzur dəhlizi açılana qədər Ermənistan-Gürcüstan yolundan istifadəyənin məhdudlaşdırılması;
2. Qazaxın və Naxçıvanın işğal altında olan 4 esklav kəndi qaytarılmayana qədər demarkasiya prosesinin birtərəfli qaydada Göyçə mahalı istiqamətində davam etdirilməsi;
3. Ermənistanın təkrar silahlanmasının qarşısını almaq və isti beyinləri soyutmaq üçün preventiv tədbirlərin görülməsi.


Nəticə

Deyəsən, erməni generallar 44 günlük Müharibənin 5-ci günündə əməliyyatları təcili dayandırmaq barədə Paşinyana ünvanlanan məktubu unudublar. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsində maraqlıdırsa, buyursun. Amma bu fəaliyyətlər darmadağın hay ordusuna müsbət heç nə vəd etmir. Ermənistan əgər israrla təkrar əzilmək və alçaldılmaq istəyirsə, o zaman qəhrəman Ordumuz düşmənin bu “arzusunu” mütləq nəzərə alacaq. Buna nə Ermənistanın, nə Paşinyanın, nə də onu silahlandıran və cəsarətləndirənlərin şübhəsi olmasın!

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün


Teqlər: Ermənistan   Sülh  





Xəbər lenti